Mourinyo: “Futbola hörmət etməliyik”

“Roma”nın baş məşqçisi, portuqal mütəxəssis Joze Mourinyo Avropa Liqasının 6-cı turunun “Şerif”lə qarşıdakı oyunu haqda danışıb.

Arena.az “Roma”nın rəsmi saytına istinadən, Mourinyonun bu barədə fikirlərini təqdim edir:

“Azarkeşlərimiz, özümüz və futbolumuz üçün qalib gəlməliyik. Biz futbola hörmət etməliyik. Heç kim “Slaviya”nın öz oyununda qalib gəlməyəcəyini gözləməsə də, futbol futboldur. Bunun mümkün olduğunu düşünməliyik. Əgər onların öz oyununu qazanmamaq imkanı varsa, biz mütləq öz oyunumuzu qazanmağa borcluyuq”, deyə Mourinyo bildirib.

Avropa Liqasının qrup mərhələsinin son turu öncəsi “G” qrupunda “Roma” 10 xalla 2-ci pillədə qərarlaşıb. “Mour”un canavarları lider “Slaviya”dan 2 xal geri qalırlar.

Sonuncu turda “Roma” Moldova “Şerif”ini qəbul edəcək, “Slaviya” isə evdə İsveçrə “Servet”i ilə qarşılaşacaq.

Vurğulayaq ki, “Şerif” və “Servett” Avropa Liqasının növbəti mərhələsinə vəsiqə imkanlarını itirib. Buna rəğmən, İsveçrə təmsilçi Konfrans Liqasında mübarizə imkanı verən 3-cü yeri təmin edib. “Şerif” üçün isə avrokuboklarda mövsüm başa çatıb, moldovalılar sadəcə olaraq öz adından söz etdirə bilərlər və “Roma” ilə oyunda çox güman ki, məhz buna çalışacaqlar.

Xəbəri sosial şəbəkələrdə paylaş: