Nagelsman AÇ-də millinin əsas qapıçısının kim olacağını açıqladı

Almaniya yığmasının baş məşqçisi Yulian Nagelsman evdəki Avropa çempionatında bundestimin əsas qapıçısının kim olacağını açıqlayıb.

Arena.az məlumat verir ki, alman mütəxəssis bu barədə mətbuat konfransında məlumat verib:

“Mən Ter Ştegenə dedim ki, dünya səviyyəli ikinci qapıçımızın olmasına şadam. Əsas qapıçı Manuel Noyer olacaq”, deyə Nagelsman qətiyyətlə bildirib.

Xatırladaq ki, uzun illər Mark-Andre ter Ştegen Manuel Noyerin əvəzedicisi olub. Amma “Bayern”in qapıçısının 2022-ci ilin sonunda aldığı ağır zədə səbəbindən, bundestimin o vaxtkı baş məşqçisi, alman mütəxəssis Hans-Diter Flik Almaniya yığmasının qapısını “Barselona”nın formasını geyinən Mark-Andre ter Ştegena etibar etmişdi.

Ter Ştegen yüksək səviyyəli oyunu ilə diqqət çəksə də, zədədən qayıtmış Noyer iddiasını yenidən ortaya qoymağı bacarıb. Flikin Almaniya yığmasının baş məşqçisi vəzifəsindən istefa göndərilməsi ilə bundestimin sükanı arxasına keçmiş Nagelsman isə köhnə ənənələri bərpa etməyə üstünlük verib və bundestimin qapısını Noyerə həvalə edib.

Manuel Noyer “Şalke”nin yetirməsidir. Alman qapıçı 2011-ci ilin iyulundan “Bayern”də çıxış edir. Noyer Münhen klubuna 30 milyon avro müqabilində elə, “Şalke”dən transfer edilib.

Qapıçının Münhen klubu ilə cari müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Almaniya nəhəngi komandanın kapitan sarğısını məhz veteran Noyerə etibar edib.

Cari mövsümdə Noyer “Bayern”in heyətində bütün yarışlarda 33 oyuna çıxıb, 43 qol buraxıb, 11 oyunda qapısının toxunulmazlığını təmin edib.

Manuel hazırda kapitanı olduğu, 2009-cu ilin iyununda debüt etdiyi Almaniya yığmasının heyətində 117 oyun keçirib, 113 qol “yeyib”, 48 oyundan “quru” qurtulub.

Noyer futbol uğurlarına məhz “Bayern”də çıxış etdiyi müddətdə nail olub. “Bayern”lə Noyer 11 dəfə Bundesliqanın, 6 dəfə Almaniya Kubokunun, 7 dəfə Almaniya Super Kubokunun, 2 dəfə Çempionlar Liqasının, 2 dəfə UEFA Super Kubokunun, 2 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub. Həmçinin Maneul 2 dəfə (2011, 2014) Bundesliqada mövsümün futbolçusu seçilib.

Alman qapıçı bundestimlə DÇ-2014-ün qalibi olub. Noyerin həmçinin Almaniyanın U-21 yığması ilə Avropa çempionatını (2009) qazanıb.

“Transfermarkt” internet-portalı 38 yaşlı qapıçının transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: