Noha Lemina Premyer Liqa klubunda

PSJ-nin hücumameyilli yarımmüdafiəçisi Noha Lemina icarə müqaviləsi əsasında İngiltərənin “Vulverhempton” klubuna keçib.

Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb. Əslən Qabondan olan 18 yaşlı fransalı yarımmüdafiəçi bu mövsümün sonuna kimi icarədə olacaq.

Noha Lemina PSJ-nin öz yetirməsidir. O, hələ Paris təmsilçisinin əsas komandasında forma şansı qazanmayıb. Cari mövsümün ilk dövrəsini İtaliyanın “Sampdoriya” klubunda icarədə keçirmiş Lemina, bu komandada cəmi 1 oyuna çıxıb.

Leminanı heyətinə qatan “Vulverhempton” 3 futbolçusu ilə də vidalaşıb. Premyer Liqa təmsilçisi sağ cinah vingeri Teo Korbeanunu İspaniyanın “Qranada” klubuna satıb. İngiltərə klubu bu satışdan 1,5 milyon avro qazanıb. Korbeanu İspaniya təmsilçisi ilə 2026-cı ilin 30 iyununa kimi anlaşıb.

Teo Korbeanu “Vulverhempton”un yetirməsidir. Həm Rumıniya, həm də Kanada vətəndaşlığı olan 21 yaşlı futbolçu İngiltərə klubunun əsas komandasında cəmi 1 oyun keçirib. Bu üzdən də o, “Şeffild Uensdey”, “Milton Kins Dons”, “Bləkpul”, “Arminiya” (Bilefeld), “Qrasshopper” kimi klublarda icarədə oynayıb. Vaxtilə Rumıniyanın U-16 və U-17 yığmalarında oynamış Korbeanu, 2021-ci ildən Kanadanın əsas millisində çıxış edir. O, bu komandanın heyətində 7 oyuna 2 qol vurub.

“Vulverhempton” mərkəz müdafiəçisi Naycel Lonveyklə dayaq yarımmüdafiəçisi Co Hocu da icarəyə göndərib. Lonveyk “Uikomb”a, Hoc isə KPR-ə keçib. Onların hər ikisi bu mövsümün sonuna kimi icarədə olacaq.

“Mançester Siti”nin yetirməsi olan Co Hoc, “Derri Siti”də də oynayıb. 21 yaşlı irland futbolçu 2021-ci ildən “Vulverhempton”da olsa da, bu komandada cəmi 13 oyuna çıxıb. O, həm İngiltərənin, həm də İrlandiyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynayıb.

Naycel Lonveyk isə PSV-nin yetirməsidir. O, 2020-ci ildən “Vulverhempton”da olsa da, bu klubun əsas komandasında debüt şansı qazanmayıb. Bu üzdən də niderlandlı futbolçu “Fortuna Sittard”, “Plimut”, “Qrasshopper” kimi klublarda icarədə oynamaq məcburiyyətində qalıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: