Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin yeni komandası “Nürnberq” növbəti rəsmi matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda Almaniya Kubokunun 2024/2025 mövsümündə ilk matçına çıxıb.
Nürnberqlilər bu turnirin birinci təsnifat mərhələsi çərçivəsində “Saarbruken”lə üz-üzə gəliblər. Səfərdə baş tutan matçın əsas və əlavə vaxtı 1:1 hesablı bərabərliklə başa çatıb. Penaltilər seriyasında daha dəqiq olan (5:3) Mahirin komandası növbəti raunda vəsiqə qazanıb. Zədəli olan Mahir Emreli bu oyunda iştirak etməyib.
Xatırladaq ki, Mahir Emreli avqustun 6-da “Nürnberq”lə 1 illik müqavilə imzalayıb. Onun sözləşməsinin müddəti mövsümün sonunda artırıla bilər. Lakin hazırda azərbaycanlı futbolçu zədəli olduğundan onun yeni komandasında debütü bir qədər gecikəcək.
“Nürnberq” Almaniyanın ikinci Bundesliqasında mübarizə aparır. Sözügedən komanda 2024/2025 mövsümünün ilk turunda səfərdə “Karlsrue” ilə qarşılaşıb və 2:3 hesabıyla uduzub. Mahirin komandası Bundesliqanın 2-ci turu çərçivəsində isə “Şalke”ni qəbul edib və 3:1 hesabıyla qalib gəlib.
Xatırladaq ki, Mahir Emreli 2022-ci ilin fevral ayından Zaqreb “Dinamo”sunda çıxış edirdi. O, Xorvatiya nəhənginə Polşanın “Legiya” (Varşava) klubundan transfer olunmuşdu. Mahir Zaqreb təmsilçisinin heyətində bütövlükdə 47 matça çıxıb, 10 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Mahirin Xorvatiya klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi vardı. Azərbaycanlı futbolçu bu komanda ilə 3 dəfə Xorvatiya çempionu olub. Bundan əlavə, Mahir bir dəfə Xorvatiya Kubokunun, bir dəfə də Xorvatiya Super Kubokunun qalibi adını qazanıb.
Karyerası ərzində “Qarabağ”, “Legiya”, “Konyaspor” və “Bakı”da da oynamış hücumçu Azərbaycan millisində keçirdiyi 46 oyunda 5 qol vurub.


