“Bayern”in baş direktoru və sabiq qapıçısı Oliver Kan cari mövsümün bitməsi ilə tutduğu vəzifədən uzaqlaşdırıla bilər.
Arena.az xəbər verir ki, bu barədə məşhur italiyalı jurnalist Nikolo Skira məlumat verib.
Yazar buna “Bayern”in mövsümü qənimətsiz başa vura biləcəyi şanssızlığını əsas gətirdiyini qeyd edib.
Məlumata görə, 53 yaşı mütəxəssisin klubdakı gələcəyi sual altındadır. Uzun müddət ərzində ilk dəfə olaraq klbun mövsümü qənimətsiz başa vura biləcəyi ehtimalının çox yüksək olduğu bir məqamda Kan ciddi təzyiq altındadır.
Xatırladaq ki, 33 oyuna 68 xal toplamış “Bayern” Bundesliqanın sonuncu turu ərəfəsində lider Dortmund “Borussiya”sından iki xal geridədir. Komandanın çempionluq şansları öz əlində deyil. Bundan başqa, münhenlilər Almaniya Kubokunun 1/4 finalında “Frayburq”a məğlub olaraq (1:2) mübarizəni dayandırıblar. Çempionlar Liqasıyla isə 1/4 final mərhələsində iki oyunun nəticəsinə görə “Mançester Siti”yə məğlub olaraq (1:4) vidalaşıblar.
Vurğulayaq ki, mövsmün gedişində “Bayern” rəhbərliyi baş məşqçi Yulian Nagelsmanı Tomas Tuxellə əvəzləyib. Bu addım da mövsümü qənimətsiz başa vurmaqdan sığortalanmaq üçün atılmışdı. Amma Tuxelin gəlişindən sonra komanda daha bərbad çıxış etməyə başlayıb.
Almaniya yığmasında da oynamış Oliver Kan futbolçu karyerası dönəmində 1994-2008-ci illərdə məhz “Bayern”in qapısını qoruyub. O, vaxtilə Münhen təmsilçisində 632 oyuna çıxıb, 592 qol buraxıb, 247 matçda isə qapısını toxunulmaz saxlamağı bacarıb. Keçmiş qolkiper 2020-ci ilin yanvar ayından “Bayern”də müxtəlif vəzifələrdə çalışır.


