Oskar Bobb “Mançester Siti” ilə yeni müqaviləyə imza atdı

İngiltərə çempionu “Mançester Siti”nin norveçli futbolçusu, sağ cinah vingeri Oskar Bobb klubun yeni müqavilə təklifini qəbul edib.

Arena.az xəbər verir ki, Bobun “şəhərlilər”lə əvvəlki müqaviləsi 2026-cı ilin yayına qədər nəzərdə tutulmuşdu.

Amma Mançester klubu 20 yaşlı futbolçunun müqaviləsinin müddətini 2029-cu ilin 30 iyununa qədər artırıb.

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Bobun məşqdəki çıxışından heyran olub. Buna görə də o, “şəhərlilər”in “Brentford”la qarşılaşdığı Premyer Liqa oyununda norveçli futbolçunu ilk dəfə əsas heyətdə meydana buraxıb. Ümumilikdə isə Bobb, “Mançester Siti”nin əsas komandasında artıq 16 oyuna çıxıb, 2 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

Xatırladaq ki, əslən Qambiyadan olan Oskar Bobb Norveçin “Lin” və “Valerenqa” klublarının yetirməsi hesab olunur. O, 2019-cu ildə cəlb olunduğu “Mançester Siti”də U-18, U-23 və gənclərdən ibarət komandaların uğurları üçün çalışıb. Peşəkar karyerasına məhz bu klubda başlamış 20 yaşlı futbolçu, 2023-cü ildən əsas komandada çıxış edir.

Bobb Norveçin U-16, U-17, U-18, U-19, U-21 yığmalarında oynayıb. 2023-cü ildə əsas millidə debüt etmiş futbolçu Norveç yığmasında 4 oyuna 1 qol vurub, 1 məhsuldar ötürmə edib.

“Transfermarkt” internet-portalı 20 yaşlı vingerin transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: