Paris meriyası “Park de Prens”lə bağlı PSJ-yə müraciət etdi

Paris merinin birinci müavini Emmanuel Qrequar “Park de Prens” stadionunun satışı ilə bağlı PSJ rəhbərliyinə müraciət edib.

Arena.az “RMC Sport” dərgisinə istinadən məlumat verir ki, Paris meriyası müraciətində arenanın satışı ilə bağlı daha əvvəl dondurulmuş danışıqları bərpa edilməsi xahişini ünvanlayıb.

Mənbənin məlumatına görə, Fransa paytaxtının meriyasında Paris klubunun rəhbərliyi ilə bu xüsusda razılığın nəhayət əldə edilə biləcəyinə əmindirlər.

Xatırladaq ki, 2022-ci ilin noyabrında PSJ parislilərin ev oyunlarını keçirdiyi “Park de Prens” stadionunu almağa çalışmışdı. Fransa nəhəngi həmin vaxt hətta şəhər rəhbərliyinə 40 milyon avro təklif etmişdi. O zaman tərəflərin razılığa gələ bilməməsi səbəbilə danışıqlar dalana dirənmişdi.

Ötən gün Luis Enrikenin yetirmələri “Park de Prens”də Fransa Super Kuboku uğrunda oyunda “Tuluza”nı 2:0 hesabı ilə məğlub edərək qənimətə sahib olublar. Liqa 1-də isə PSJ 17 turdan sonra 40 xalla turnir cədvəlinin lideridir. Fransa nəhəngi Fransa Kuboku və Çempionlar Liqasında da mübarizəsini davam etdirir. Paris meriyası Yeni ildə bu nikbin məqamların mənzərəsində danışıqlarda uğur əldə edəcəyinə əmindir. Şəhər rəhbərliyi bu dövrü müvafiq görüş üçün ən yaxşı məqam hesab edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: