İngiltərə Peşəkar Hakimlər Şurası (PGMOL) Premyer Liqanın 18-ci turunda “Liverpul” – “Arsenal” oyunundakı məqamı şərh edib.
Arena.az xatırladır ki, söhbət “Arsenal”ın norveçli yarımmüdafiəçisi Martin Edeqorun əllə oyun məqamından gedir.
Belə ki, oyunun 18-ci dəqiqəsində “Liverpul”un misirli sağ vingeri Məhəmməd Salah topu “topçular”ın cərimə meydançasına itələyib. Qonaqların yarımmüdafiəçisi Edeqor isə əli aşağı salınmış halda topun hərəkətini dayandırıb. Baş hakim Kavana qayda pozuntusunu qeydə almayıb və penalti təyin etməyib. VAR hakimləri isə bu məqama müdaxilə etməyiblər.
İngiltərə Peşəkar Hakimlər Şurasından bu məqamla bağlı açıqlama gəlib:
“Bu, aşkar xəta deyildi, çünki yıxılan zaman Edeqorun əli topa sarı deyil, gövdəsinə doğru hərəkət edirdi”, – “Sky Sports”, PGMOL-dan sitat gətirir.
Turun mərkəzi görüşündəki heç-heçə sayəsində komandalar Premyer Liqanın turnir cədvəlində mövqelərini qoruyublar. 18 turdan sonra “Arsenal” 40 xalla liderliyini sürdürür, 39 xalla 2-ci olan “Liverpul” isə “topçular”ı daban-daban təqib edir.


