PFL pley-off matçları üçün püşkatma keçirdi

2024/2025 mövsümündə İkinci Liqada çıxış etmək üçün keçiriləcək pley-off matçlarının püşkatma mərasimi baş tutub.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, ilk oyunda meydan sahibi və qonaq komandaların müəyyənləşməsi məqsədilə bu gün püşkatma mərasimi keçirilib.

Tədbirdə PFL prezidentinin vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov, media və marketinq direktoru Sənan Abdullayev, PFL tərəfindən pley-off oyunlarına məsul şəxs Faiq Tahirov və qarşılaşacaq klubların rəsmiləri iştirak edib. Görüş zamanı tərəflərə pley-off mərhələsində hazırlıq prosesi, riayət olunmalı tələblər və digər vacib məqamlar barədə məlumat verilib.

Ardından püşk atılıb. Püşkə əsasən, ilk oyunda meydan sahibi “Şəfa” olub. Komanda Region Liqasının finalında uduzan “Hypers”lə üz-üzə gələcək.

Pley-off matçları əvvəlcədən nəzərdə tutulduğu kimi, 29 may və 5 iyun tarixlərində oynanılacaq. Qarşılaşmaların baş tutacağı arenalar, oyunların saatları və digər texniki detallar daha sonra açıqlanacaq.