“Milan”ın baş məşqçisi Stefano Pioli Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyununda evdə “Roma”ya məğlubiyyətini (0:1) şərh edib.
Arena.az “Sky Sport Italia” dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Birinci hissədə bəzi çətinliklərimiz oldu. Biz topsuz daha cəsarətli olmalı və xətlər arasında çox tez oynamalıydıq. Bir-iki gözlənilməzlik yaratdılar, amma künc zərbəsindən qol buraxdıq. Sonra oynamağa başladıq, bəlkə də son vaxtlardakı kimi aydın deyil. Bizə cavab qolu gərək idi. Daha bir oyun var və düşünürəm ki, komanda hər şeyi dəyişə bilər.
Bəzi ulduzların ifaları zəifdir? Məni narahat etmir. Əksinə, böyük komanda olduğumuzu göstərmək üçün böyük qürur və iradə gözləyirəm. Geri dönüş asan olmayacaq, bunu yalnız həqiqətən güclü komandalar edə bilərlər. Mən uşaqlara dedim ki, əgər bunu edə biləcək komanda varsa, o da bizik”, deyə Pioli bildirib.
Cavab oyunu çərçivəsində “Milan” aprelin 18-də İtaliya paytaxtında “Roma”nın qonağı olacaq.


