PSJ “Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silvanın müqabilində iki futbolçusunu “şəhərlilər”in düşərgəsinə göndərməyə hazırdır.
Arena.az bu barədə “Foot Mercato”ya istinadən məlumat verir.
Mənbənin məlumatına görə, parislilər qapıçısı Canluici Donnarumma və yarımmüdafiəçisi Marko Verrattini Bernardo Silvanın əvəzində “şəhərlilər”ə təklif ediblər. Belə bir təklif “Mançester Siti”ni qane etməyib və Paris nəhəngi dərhal rədd cavabı alıb.
Müvafiq mübadilə ideyasının PSJ-nin futbol işləri üzrə məsləhətçisi Luis Kamposa məxsus olduğu bildirilir. Buna rəğmən, Bernardo Silvanın Parisə transferi ilə bağlı danışıqlar hələ davam edir.
Geridə qalmış 2022/2023 mövsümündə Silva “Mançester Siti”nin heyətində 55 oyuna çıxıb, 7 qol vurub, 8 məhsuldar ötürmə verib və “şəhərlilər”lə “treb”lə imza atıb: İngiltərə Premyer Liqasını, İngiltərə Federasiya Kubokunu, UEFA Çempionlar Liqasını qazanıb.
Bernardo Silvanın “şəhərlilər”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
“Transfermarkt” internet-portalı Bernardo Silvanı 80 milyon avro məbləğində qiymətləndirir.
Daha əvvəl “Barselona”nın Bernardo Silvanı heyətinə qatmaq cəhdindən daşındığı məlum olub. Kataloniya nəhənginin bu transferi gerçəkləşdirməyə maliyyə vəsaitinin məhdud olması göstərilir.


