“Qalatasaray” bu iki oyunçu ilə vidalaşmağa hazırlaşır

Türkiyə çempionu “Qalatasaray” istənilən oyunu göstərə bilməyən Tanquy Ndombele və Anxelinyo ilə yollarını ayıra bilər.

Arena.az xəbər verir ki, hər iki oyunçu, baş məşqçi Okan Burukun istədiyini tam verə bilmədikləri üçün qış transfer pəncərəsində komandadan ayrıla bilər.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Xəbərdə bildirilir ki, “sarı-qırmızılar” hər iki oyunçu ilə yollarını ayıracağı təqdirdə onların mövqelərinə yeni transfer edəcəklər.

Xatırladaq ki, Tanquy Ndombele və Anxelinyo “Qalatasaray”a 2023-cü ilin yay trasnfer pəncərəsində, icarə əsasında transfer olublar.

Ndombele “Qalatasaray”a İngiltərənin “Tottenhem” klubundan gəlib. Əslən Konqodan olan fransalı dayaq yarımmüdafiəçisi Türkiyə klubunun heyətində 9 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Ndombele “Tottenhem”ə 2019-cu ilin yayında Lion “Olimpik”indən 62 milyon avro qarşılığında keçib. 26 yaşlı yarımmüdafiəçi bu iki klubdan başqa “Napoli” və “Amyen”də də forma geyinib. O, Fransa yığmasında da 7 matça çıxıb.

Anxelinyo isə Almaniyanın “Leypsiq” klubundan satınalma şərti ilə icarəyə götürülüb. Sol cinah müdafiəçisi İstanbul təmsilçisində 18 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub.

Anxelinyo 2021-ci ilin əvvəlindən formasını geyindiyi “Leypsiq”dən öncə PSV, “NAK Breda”, “Hoffenhaym”, “Mançester Siti”, “Nyu York Siti” kimi klublarda da çıxış edib. 26 yaşlı futbolçu İspaniyanın U-17 və U-21 yığmalarında da oynayıb.

Nihad Əsədov

Xəbəri sosial şəbəkələrdə paylaş: