“Qızıl top”a namizəd olan “Napoli”nin və Gürcüstan yığmasının vingeri Xviça Kvaratsxeliya ardıcıl 20 oyundur qol vura bilmir.
Arena.az məlumat verir ki, gürcü vinger cari ilin martından rəqib qapılarına yol tapa bilmir.
Sonuncu dəfə Kvaratsxeliya A Seriyanın “Torino”ya qarşı oyununda (4:0) rəqib qapısını möhürləyib.
Kvaratsxeliyanın qol susqunluğu yığma komandanın heyətində də davam edir. AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Norveç və Gürcüstan yığmaları arasında keçirilmiş oyunda (2:1) Xviça məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Ümumiyyətlə isə mənzərə daha acınacaqlıdır, Kvaratsxeliya “Napoli” və Gürcüstan yığmasının heyətində çıxış etdiyi son 20 oyunda cəmi bir səmərəli fəaliyyəti ilə fərqlənib – A Seriyasının cari mövsümündə 2-ci tur çərçivəsində “Sassuolo” ilə ev oyununda (2:0) bircə məhsuldar ötürmə verib.
Geridə qalmış 2022/2023 mövsümündə Kvaratsxeliya “Napoli”nin heyətində 43 oyuna çıxıb, 14 qol vurub, 17 məhsuldar ötürmə verib. Xviça “Napoli” ilə İtaliya çempionluğunu qazanmaqla yanaşı, turnirin ən dəyirli oyunçusu seçilib və 10 qol ötürməsi ilə çempionaın ən yaxşı məhsuldar ötürmələr ustası olub. Gürcü vinger yenicə başlamış cari mövsümdə “Napoli”nin heyətində 2 oyun keçirib, 1 məhsuldar ötürmə verib.
Kvaratsxeliyanın “Napoli” ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Xviça Kvaratsxeliya 2019-cu ilin iyun ayında debüt etdiyi Gürcüstan yığmasının heyətində 24 oyun keçirib, 10 qol vurub, 6 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 22 yaşlı Kvaratsxeliyanı 85 milyon avro məbləğində qiymətləndirir.


