“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının 1/8 finalında “Bayer”ə qarşı keçirəcəkləri ilk oyundan öncə fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, 51 yaşlı mütəxəssis Almaniya Bundesliqasının lideri ilə qarşılaşmadan öncə baş tutan mətbuat konfransında bunları söyləyib:
“Hiss edirik, görürük, oxuyuruq, bizə böyük dəstək var. Bakıda futbol ab-havası var. Bizim üçün məsuliyyətli oyundur. “Bayer” tanış rəqibdir. Bu komandaya qarşı oynamaq xoşdur. Bu gün Bundesliqanın lideridirlər, çox yaxşı məşqçilər korpusu var. Struktur baxımından belə klubdan böyük təcrübə yığırıq. Pis hazırlaşmamışıq. Futbolçuların hazırlığı yaxşıdır. İnanıram ki, sabah meydanda futbolçular özlərinin ən yaxşı oyununu göstərəcəklər. Dinamik komandaya qarşı oynayacağıq. Sabah təkcə fiziki güc yox, 90 dəqiqə oyunun içində olmaq, düşünmək çox vacibdir. İnanıram ki, sabah stadion tam dolacaq və azarkeşlər üçün maraqlı, yaxşı, mübarizəli oyun göstərəcəyik.
Rəqibimiz bizdən çox güclü olsa da, böyümək üçün “Bayer”ə qarşı çəkinmədən mübarizə aparmalıyıq. İstənilən oyun tərzinə, sürətə dözməliyik. Bu, hazırkı futbolun əsas amillərindəndir. Çəkinmədən oynamalı, dözməyi bacarmalıyıq. Ümidvaram ki, proqramımıza, planımıza görə, “Bayer”lə oyunda futbolçularımızın hazırlığı daha yaxşı olacaq.
Baxımlı futbol oynamağı düşünməsək, nəticələrimiz çox az olar. Sadəcə, bəzən tam düşündüyümüz kimi alınmır. Rəqib imkan vermir. Amma tələblərimizdən, oyunumuzdan əl çəkmirik. Mənim üçün ev-səfər düşüncəsi yoxdur. Çünki dəfələrlə bildirmişəm ki, biz çəkinərək, sırf nəticəyə oynamaq lazımdı deyə, belə fikir formalaşdırsaq, az nəticələr qazanarıq. Biz baxımlı futbol oynamalıyıq. Azarkeşlərin komandanın yanında olması üçün də bu, vacibdir. Azarkeşlər rəqibin üzərində gərginlik yaradacaqsa, bu bizim üstünlüyümüzdür. Sabah da istədiyimiz hücumları qurmağa, oyunumuzu oynamağa çalışacağıq. Ola bilər ki, hardasa rəqib ustalıqda bizi üstələyər. Amma inanmıram ki, sabahkı matçda öz oyunumuzu göstərə bilməyək. Aktiv, aqressiv şəkildə, rəqibə dəyər verərək oynamalıyıq. Böyüməyimiz üçün bunlar çox vacibdir”.
Qurban Qurbanov həmkarımızın “Bayer”lə üçüncü dəfə oynayacaqsız… Atalar üçdən deyib” fikrinə də maraqlı reaksiya verib: “Ataların sözündən heç vaxt çıxmamışıq. Nə deyiblər, düz deyiblər. Necə olacaq, görəcəyik. Üçlə bitmir, hələ dörd gəlir qarşıdan”.