Qvardiola “Barselona” rəhbərliyinə: “Təmkininizi qoruyun”

“Mançester Siti”nin baş məşqçisi, ispaniyalı mütəxəssis Xosep Qvardiola “Barselona” rəhbərliyinə məsləhət ünvanlayıb.

Arena.az “FC Barcelona Noticias” internet dərgisinə istinadən məlumat verir ki, o, İspaniya Super Kuboku uğrunda oyunda “Real”a məğlubiyyətdən sonra “Barselona” rəhbərliyinə hansı məsləhətləri verə biləcəyi haqda danışıb:

“Mənim məsləhətim? Təmkininizi qoruyun. Bu, finaldır, uduzuldu, amma gələn həftə başqa məclis, başqa yarış var. Öz adamlarınızı dəstəkləyin və mövsümün sonunda nə etmək gərək olduğuna qərar verin. Mən öz növbəmdə Xaviyə və irəliyə doğru addım atmalı olan futbolçulara qeyd-şərtsiz dəstəyimi vermək istəyirəm. Onlar artıq göstərdilər ki, səviyyələri var, keyfiyyətləri var və bu, bir gecədə dəyişməyəcək. Müasir futbolda ani qərarlar vermək ənənəsi var. Finalı uduzdunuz? Çox yaxşı, rəqibini təbrik et, düşün və irəliyə can at”, deyə “Pep” bildirib.

Hazırda “Barsleona” İspaniya La Liqasının 19 turundan sonra 41 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. La Liqaya 20 oyundan 49 xalla “Jirona” başçılıq edir. 19 oyundan 48 xalla 2-ci olan “Real” potensial liderdir.

Xatırladaq ki, Xosep Qvardiola vaxtilə “Barselona”ya həm futbolçu, həm də məşqçi kimi xidmət göstərib. O, yetirməsi olduğu Kataloniya təmsilçisində 11 il forma geyinib. 2007-ci ildə “Barsa”da məşqçiliyə başlamış mütəxəssis 2008-2012-ci illər aralığında bu komandanın baş məşqçisi olub. Onun dövründə “Barselona” 3 dəfə İspaniya çempionu olub, 2 dəfə ölkə kubokunun, 3 dəfə İspaniya Super Kubokunun, 2 dəfə UEFA Çempionlar Liqasıın, 2 dəfə UEFA Super Kubokunun, 2 dəfə FIFA Klub Dünya Kubokunun qalibi adını qazanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: