“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqanın 25-ci turunda evdə “Çelsi” ilə heç-heçəni (1:1) şərh edib.
Arena.az “City Xtra” dərgisinə istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Çelsi ilə oyunun bir çağırış olacağını bilirdik. Yaxşı oyun idi. İnanılmaz ikinci hissə keçirdik. Eyni zamanda, birinci hissə bizim səviyyəmizdə deyildi. “Çelsi” səviyyəsində olan komandalarla rəqabət aparmaq üçün bir hissə yox, bütün 90 dəqiqəni oynamaq lazımdır”, deyə Qvardiola vurğulayıb.
“Çelsi” hazırda 25 oyundan 35 xalla Premyer Liqanın turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. “Mançester Siti”yə isə bu oyundakı heç-heçə baha başa gəlib. “Şəhərlilər” potensial lider statusunu əldən veriblər. İndi 24 oyundan 53 xal toplamış “Mançester Siti” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. “Liverpul” isə 25 oyundan 57 xalla Premyer Liqanın vahid liderinə çevrilib.


