“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola yarımmüdafiəçi Kevin De Bröynenin mümkün gedişi ilə bağlı xəbərlərə münasibət bildirib.
Arena.az “Daily Mail” dərgisinə istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Kevin getməyəcək. Kimsə getsə, bu haqda danışarıq. Əlbəttə, son günə qədər transfer etmək imkanımız var, yeni oyunçuların ola biləcəyini istisna etmirəm, amma eyni heyətə sahib olmaq ehtimalımızın 85-90% olduğunu düşünürəm”, deyə Qvardiola vurğulayıb.
Xatırladaq ki, daha əvvəl De Bröynenin Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubuna keçməyə razı olduğu haqda məlumat yayılmışdı.
Xatırladaq ki, Kevin De Bröyne “Mançester Siti”yə 2015-ci ilin avqustunda 76 milyon avro məbləğ müqabilində “Volfsburq”dan keçib. Belçikalı hücumameylli yarımmüdafiəçinin “Mançester Siti” ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə De Bröyne bir müddət zədə səbəbindən oynamasa da, “şəhərlilər”in heyətində aparıcı futbolçulardan biri olub. Belçikalı oyunçu ötən mövsüm “Mançester Siti”nin heyətində 26 oyuna çıxıb. Kevin bu oyunlarda 6 qol vurub, 18 məhsuldar ötürmə verib.
De Bröyne “şəhərlilər”in heyətində ümumilikdə 382 oyun keçirib, 102 qol və 170 məhsuldar ötürmə müəllifi olub.
Kevin De Bröyne 2010-cu ilin avqustunda debüt etdiyi və hazırda kapitanı olduğu Belçika yığmasının heyətində 105 oyun keçirib, 28 qol vurub, 49 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 33 yaşlı hücumameylli yarımmüdafiəçinin transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.


