“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “Liverpul”un oyunlarına daha çox baxmaq zərurəti ilə üzləşdiyini bildirib.
Arena.az “Sky Sports” dərgisinə istinadən məlumat verir ki, ispan mütəxəssis bunu niderlandlı mütəxəssis Arne Slotun “Liverpul”un sükanı arxasına keçməsi ilə əsaslandırıb:
“Çempionlar Liqası oyunları ərəfəsində, haqqında nisbətən az məlumata malik olduğum bu yeni klubun oynlarına daha çox baxıram, nəinki, məsələn, “Arsenal”a qarşı oyunlara hazırlaşdığım vaxtdan, axı Mikel Arteta dörd ya beş ildir onları çalışdırır.
Əvvəllər Yurgen Klopun “Liverpul”u ilə də belə idi. İndi Arne Slotun ucbatından “Liverpul”un oyunlarına daha çox baxmaq məcburiyyətindəyəm. Onların nə işlə məşğul olduqlarını hələ dəqiq bilmirəm. Bununla belə, Yurgenlə bir-birimizi daha yaxından tanıya bilmişdik.
Gənc olanda indikindən daha çox futbola baxırdım. İndi mən daha tənbəl olmuşam. Düşünürəm ki, rəqiblərimin nə istədiyini başa düşmək üçün onları kifayət qədər izləyirəm. Mən düzgün kadrları seçməyə, sonra isə onları oyunçularıma göstərməyə çalışıram”, deyə Qvardiola bildirib.
Xatırladaq ki, Xosep Qvardiolanın “şəhərlilər”i İngiltərə Premyer Liqasının cari mövsümünə inamlı başlayıblar. Komanda Premyer Liqanın ilk 4 turundan mütləq nəticə – 12 xal hasil edib və yarış cədvəlində vahid liderdir. Arne Slotun “qırmızılar”ı isə ilk məğluiyyətini ötən gün “Nottingem Forest”lə ev oyununda alıb. “Liverpul” hazırda 9 xalla 2-ci pillədə qərarlaşıb. Komanda keçirdiyi 4 oyunda 3 qələbə qazanıb, 1 məğlubiyyətə üzülüb.
Arne Slot “Liverpul”a bu ilin yayında baş məşqçi təyin olunub. O, ötən mövsümün sonunda komandanı tərk etmiş Yürgen Klopu əvəz edib.


