“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “şəhərlilər”in norveçli hücumçusu Erlinq Haland haqda söhbət açıb.
Arena.az ESPN şəbəkəsinə istinadən məlumat verir ki, ispan mütəxəssis “qolçu vikinq”in ən yüksək idman formasında olması qənaətindədir.
Xatırladaq ki, Haland İngiltərə Premyer Liqasının 4-cü turunun “Brentford”la ev oyununda “şəhərlilər”in 2:1 hesablı əzmkar qələbəsinə iki qolla öz töhfəsini vermişdi.
Vurğulayaq ki, oyun ərəfəsində Halandın bu oyunda iştirakı sual altında idi, belə ki, Erlinqin yaxın ailə dostu vəfat etdiyindən, “Pep” norveçli hücumçuya öz istəyi ilə davranmaq icazəsini vermişdi. Məlulm olduğu kimi, oyunda iştirakı seçmiş Haland “Mançester Siti”nin qələbəsində əsas söz sahibi olub.
“Mən deyərdim ki, bu, onun ən yaxşı idman formasıdır, amma o, cəmi dörd oyun keçib, bu, o qədər də çox deyil. Oyuna hazır olub-olmadığını ondan soruşmadım. Hazır olmasaydı, yanıma gəlməzdi. O, inanılmaz bir silahdır. Təbii ki, onun üçün çətin idi. Biz burada hər kəsin qayğısına qalmağa çalışırıq, kiminsə dərd-səri varsa, biz də qatılırıq, yanında oluruq. Güclü olmaq gərəkdir. Ola bilsin ki, həyat üzünə zərbə vurar, amma şəxsi xüsusları 90 dəqiqə müddətinə unutmağa dəyər, deyə Qvardiola vurğulayıb.
Erlinq Haland “Mançester Siti”yə 2022-ci ilin iyulunda 60 milyon avro məbləğ müqabilində Dortmund “Borussiya”sından keçib. Norveçli hücumçunun İngiltərə klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Haland “şəhərlilər”in heyətində bütün yarışlarda 5 oyuna çıxıb, 9 qol vurub. Erlinqin “Mançester Siti”nin heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 103 oyun, 99 qol, 14 məhsuldar ötürmə.
Haland “Mançester Siti”də ilk mövsümündəcə İngiltərə Premyer Liqasının, İngiltərə Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun və FIFA Klub Dünya Kubokunun qalibi olmuşdu. Geridə qalmış mövsümdə isə “qolçu vikinq” ardıcıl ikinci dəfə İngiltərə çempionluğunu qazanıb. “Qolçu vikinq” yeni mövsümə də İngiltərə Super Kubokunu qazanmaqla başlayıb.
Haland 2019-cu ilin sentyabr ayında debüt etdiyi Norveç yığmasının heyətində 35 oyuna 32 qol, 3 məhsuldar ötürmə ilə fərqlənib.