Qvardiola Halandın futbolçu səviyyəsini qiymətləndirdi

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “şəhərlilər”in norveçli hücumçusu Erlinq Halandın futbolçu səviyyəsini qiymətləndirib.

Arena.az “Sky Sports” dərgisinə istinadən məlumat verir ki, ispan mütəxəssis Erlinq Halandın statistika baxımından dünya futbolunun ulduz hücumçuları – Lionel Messi və Kristiano Ronaldonun səviyyəsinə çatdığı qənaətindədir:

“Statistika baxımından Erlinq Haland Lionel Messi və Kristiano Ronaldo ilə eyni səviyyədədir. Onlar son 10 ildə, 15 ildə, tamamilə hər şeydə üstünlük təşkil ediblər. Odur ki, onun bunu necə etdiyini bilmirəm, amma Premyer Liqada 100 oyunda 91 qol vurmaq inanılmazdır”, deyə Xosep Qvardiola vurğulayıb.

Erlinq Haland “Mançester Siti”yə 2022-ci ilin iyulunda 60 milyon avro məbləğ müqabilində Dortmund “Borussiya”sından keçib. Norveçli hücumçunun İngiltərə klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Haland “şəhərlilər”in heyətində bütün yarışlarda 2 oyuna çıxıb, 1 qol vurub. Erlinqin “Mançester Siti”nin heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 100 oyun, 91 qol, 14 məhsuldar ötürmə.

Haland “Mançester Siti”də ilk mövsümündəcə İngiltərə Premyer Liqasının, İngiltərə Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun və FIFA Klub Dünya Kubokunun qalibi olmuşdu. Geridə qalmış mövsümdə isə “qolçu vikinq” ardıcıl ikinci dəfə İngiltərə çempionluğunu qazanıb. O, yeni mövsümə də İngiltərə Super Kubokunu qazanmaqla başlayıb.

Haland 2019-cu ilin sentyabr ayında debüt etdiyi Norveç yığmasının heyətində 33 oyuna 31 qol, 3 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 24 yaşlı norveçli hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu, Erlinq Halandın dünyanın ən bahalı dörd futbolçusundan biri olduğu deməkdir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: