“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola komandasının İngiltərə Super Kubokundakı oyununu şərh edərkən maraqlı məqama toxunub.
Arena.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, o, oyunun əsas vaxtına əlavə edilmiş təzminat vaxtı ilə bağlı gileylənib.
İspan mütəxəssis oyunun əsas vaxtına əlavə edilən təzminat vaxtının hesablanması zamanı, İngiltərə Futbol Assosiasiyasının Premyer Liqa hakimlərinə verdiyi məsləhətlər əsasında davranmağı tövsiyə edən yeni yanaşmasını tənqid edib.
Xatırladaq ki, avqustun 6-da “Mançester Siti” İngiltərə Super Kuboku uğrunda oyunda “Arsenal”a penaltilər seriyasında məğlub olub. Oyunun əsas vaxtına əlavə edilmiş təzminat vaxtının 11-ci dəqiqəsində “topçular” bərabərlik qolunu vuraraq (1:1), mübarizəni penaltilərə daşıyıblar və burada “şəhərlilər”i peşman ediblər – 4:1. Oyunun baş hakim Stüart Atvell əsas vaxtın təzminat dəqiqələrini hesablayarkən İngiltərə Futbol Assosiasiyasının yeni tövsiyələrinə əsaslanıb.
Qvardiola bu xüsusda danışıb: “Arsenal”ı təbrik edirəm, amma biz qələbəyə yaxın idik. Birinci hissənin son 15-20 dəqiqəsində onlar daha yaxşı idilər. İkinci hissədə biz daha, daha da güclü oynadıq. Biz həqiqətən yaxşı ikinci hissə keçirdik. Bütün komanda inanılmaz dərəcədə yatımlı fəaliyyət göstərirdi, lakin biz qeyri-adi hazırlıqlı rəqiblə qarşılaşdıq. Biz yaxın idik, amma bu futboldur, həmişə qalib gəlmək olmur. İndi cümə gününü, “Börnli” səfərini düşünürük.
11 dəqiqə əlavə edildi? Biz buna öyrəşməliyik… Amma onlar futbolçulardan, məşqçilərdən bu haqda nə düşündüklərini soruşmurlar. İndi oyunlar 100 dəqiqə davam edəcək, bu, dəqiqdir. Təsəvvür edin ki, hər qola bir neçə dəqiqə əlavə etsələr və oyun 4:3 hesabı ilə başa çatsa… Sabah səhər saat 9-a qədər oynayacağıq. Belədirmi? Məndən bu barədə soruşmayın!”


