Qvardiola İngiltərə yığmasına gedir? – Şayiələri cavabladı

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə yığmasını çalışdıra biləcəyi ilə bağlı məlumatı şərh edib.

Arena.az “City Xtra” dərgisinə istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Mən “Mançester Siti”nin baş məşqçisiyəm, buradayam. Mən həqiqətən xoşbəxtəm və bundan artıq heç nə deyə bilmərəm. Bu şayiənin haradan qaynaqlandığını bilmirəm, amma burada olmaqdan həqiqətən çox şadam. Gəlin görək, nə baş verir. İndi mən oyunçuların qayıtmağa hazır olmasını ümidsizcə gözləyirəm və biz hamımız birlikdə məşq edə bilərik”, deyə “Pep” vurğulayıb.

Daha əvvəl “The Independent” nəşri bildirib ki, İngiltərə Futbol Assosiasiyası (The FA), bəzi kütləvi informasiya vasitələrinə istinadən, 2024/2025-ci illər mövsümünün sonunda “şəhərlilər”i tərk etmək niyyətində olan Xosep Qvardiolanın qərarını gözləməyə hazırdır. Bildirilib ki, ispan mütəxəssis gələcəyini açıqlayana qədər, İngiltərə Futbol Assosiasiyası İngiltərə yığma komandasının sükanını müvəqqəti olaraq “üç şir”in gənclər komandasına rəhbərlik edən irland mütəxəssis Li Karslini öhdəsinə buraxmağı planlaşdırıb.

Xosep Qvardiola “Mançester Siti”ni 2016-cı ilin iyul ayından çalışdırır. İspan mütəxəssisin “şəhərlilər”lə cari əmək müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. “Şəhərlilər” bu müddətdə “Pep”in rəhbərliyi altında 472 oyun keçiriblər, 349 qələbə qazanıblar, 57 heç-heçə ediblər, 66 məğlubiyyətə üzülüblər.

Bu müddətdə “Pep” “Mançester Siti”nin futbol tarixinin ən şanlı salnaməsini yaradıb. Qvardiola “şəhərlilər”ə 6 dəfə İngiltərə Premyer Liqasını, 2 dəfə İngiltərə Kubokunu, 4 dəfə İngiltərə Liqa Kubokunu, 2 dəfə İngiltərə Super Kubokunu, UEFA Çempionlar Liqasını, UEFA Super Kubokunu və FIFA Klub Dünya Kubokunu qazandırıb.

Xatırladaq ki, “Pep” “Mançester Siti”dən öncə “Barselona” və “Bayern”i də uğurla çalışdıraraq, çoxlu qənimətlər qazandırıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: