Qvardiola: “Mənim Messi ilə qələbələr qazandığımı deyirdilər…”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola hesab edir ki, İngiltərədəki işi ilə özünü futbol aləmində bir məşqçi olaraq sübut edib.

Arena.az nüfuzlu italyan jurnalist-insayder Fabritsio Romanoya istinadən məlumat verir ki, ispan mütəxəssis insanların qınağına rəğmən, Lionel Messi kimi futbolçularsız da uğur qazana biləcəyini göstərib:

“Yadımdadır, nə qədər insan mənim Messi və başqaları kimi oyunçular sayəsində “Barselona”da qalibiyyətlər qazandığım qənaətində idilər. Deyirdilər ki, mən məşqçilik səviyyəmi İngiltərədə sübut etməliyəm. Yaxşı, olsun, biz bunu etdik!”, deyə “Pep” vurğulayıb.

Xosep Qvardiola 2016-cı ilin iyul ayından “Mançester Siti”ni çalışdırır. İspan mütəxəssisin “Mançester Siti” ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
“Şəhərlilər” bu müddətdə “Pep”in rəhbərliyi altında 495 oyun keçiriblər, 361 qələbə qazanıblar, 62 heç-heçə ediblər, 72 məğlubiyyətə üzülüblər. Top fərqi isə 1247:457 nisbətindədir.

Bu müddətdə “Pep” “Mançester Siti”nin futbol tarixinin ən şanlı salnaməsini yaradıb. Qvardiola “şəhərlilər”ə 6 dəfə İngiltərə Premyer Liqasını, 2 dəfə İngiltərə Kubokunu, 4 dəfə İngiltərə Liqa Kubokunu, 3 dəfə İngiltərə Super Kubokunu, UEFA Çempionlar Liqasını, UEFA Super Kubokunu və FIFA Klub Dünya Kubokunu qazandırıb.

Xatırladaq ki, Xosep Qvardiola “Mançester Siti”dən öncə “Barselona” və “Bayern”i də uğurla çalışdırıb, bu komandaların hər birinə çoxlu qənimətlər qazandırıb.

15 turdan sonra 27 xal toplamış “Mançester Siti” İngiltərə Premyer Liqasının yarış cədəvlində 4-cü sırada qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: