Qvardiola Premyer Liqada məşqçi kimi tərəqqisindən söhbət açdı

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasında son səkkiz ildə məşqçi kimi nail olduğu tərəqqidən danışıb.

Arena.az “The Gurdian” nəşrinə istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Mən səkkiz il əvvəlkindən daha kamil məşqçiyəm. Həqiqətən də Premyer Liqanı daha yaxşı tanıyıram, oyunçularımı daha yaxşı tanıyıram, rəqiblərimi daha yaxşı tanıyıram. Mən köməkçilərimdən çox şey öyrənirəm. Bu, oyundan oyuna tərəqqi etməyə imkan verən daimi bir prosesdir”, deyə “Pep” bildirib.

Xosep Qvardiola “Mançester Siti”ni 2016-cı ildən çalışdırır. İspan mütəxəssisin “şəhərlilər”lə cari əmək müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Bu müddətdə “Pep” “Mançester Siti”nin futbol tarixinin ən şanlı salnaməsini yaradıb. Qvardiola “şəhərlilər”ə 5 dəfə İngiltərə Premyer Liqasını, 2 dəfə İngiltərə Kubokunu, 4 dəfə İngiltərə Liqa Kubokunu, 2 dəfə İngiltərə Super Kubokunu, Çempionlar Liqasını, UEFA Super Kubokunu və FIFA Klub Dünya Kubokunu qazandırıb.

Xosep Qvardiola geridə qalmış 2022/2023 mövsümündə “Mançester Siti” ilə “trebl”ə imza atıb – İngiltərə Premyer Liqasını, İngiltərə Kubokunu və Çempionlar Liqasını qazanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: