Qvardiola son oyunda Halandın yoxluğuna aydınlıq gətirdi

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “Luton Taun”la oyunda Erlinq Halandın iştirak ərizəsinə salınmamasına aydınlıq gətirib.

Arena.az BBC-yə istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Pəncə sümüyündə stress reaksiyası vardı və son oyundan sonra bunu hiss etdi. Erlinq oynaya bilmir. Bilmirəm nə qədər müddətdə sıradan çıxıb. Həftəbəhəftə, günbəgün nə olacağını görəcəyik.

11 nəfərimiz var. Erlinq gələndən bəri çox vacib idi, bu, dəqiqdir. Amma mövsüm ərzində biz bunları görürük. Zədələr, cəzalar, fəsadlar – biz uyğunlaşmalıyıq”, deyə Qvardiola bildirib.

Xatırladaq ki, İngiltərə Premyer Liqasının 16-cı turunda “Luton Taun”la səfər oyununda “Mançester Siti” 2:1 hesablı əzmkar qələbə qazanıb.

Hazırda “Mançester Siti” Premyer Liqanın turnir cədvəlində 33 xalla 4-cü, “Luton Taun” isə 9 xalla 18-cidir.

Premyer Liqaya 37 xalla “Liverpul” başçılıq edir.

Erlinq Haland “Mançester Siti”yə 2022-ci ilin iyulunda 60 milyon avro müqabilində Dortmund “Borussiya”sından keçib. Norveçi qolçunun “şəhərlilər”lə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Haland “şəhərlilər”in heyətində 22 oyuna 19 qol vurub və 5 məhsuldar ötürmə verib. Halandın “Siti”nin heyətində ümumi statistikası isə belədir: 75 oyun, 71 qol, 14 məhsuldar ötürmə. Norveçli qolçu həmçinin Premyer Liqanın cari mövsümünü ən sərrast futbolçusudur – 14 qol.

Haland “Mançester Siti”də ilk mövsümündəcə İngiltərə Premyer Liqasının, İngiltərə Kubokunun, UEFA Çempionlar Liqasının və UEFA Super Kubokunun qalibi olub.

Haland 2019-cu ilin sentyabr ayında debüt etdiyi Norveç milli komandasının heyətində 29 oyun keçirib, 27 qol vurub, 3 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 23 yaşlı Erlinq Halandı 180 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: