“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqanın 26-cı turunda “Bornmut”la səfər oyunundan sonra oyun təqvimini tənqid edib.
Arena.az “Marca” nəşrinə istinadən məlumat verir ki, ispan mütəxəssis 1:0 hesablı qələbə qazandıqları matçdan sonra ilk olaraq məhz bu mövzuya toxunub:
“Təqvimə görə təşəkkürlər. Bu, həddən artıqdır. Tamamilə. Amma biznes davam etməlidir… Mən oyunçularımı sevirəm. Onlar supermenlərdir. Üç gündən bir oynayırlar. İnsanlar soruşurlar: “Bu şəraitdə Premyer Liqada oynaya bilərsinizmi?” Xeyr. Hamıdan daha çox oyun oynayırıq”, deyə Qvardiola vurğulayıb.
“Mançester Siti” 26 turdan sonra 59 xalla Premyer Liqanın turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Premyer Liqaya 60 xalla “Liverpul” başçılıq edir.
Cari mövsümdə Xosep Qvardiolanın yetirmələri Premyer Liqada 26 oyun, Çempionlar Liqasında 7 oyun, FIFA Klub Dünya Kubokunda 2 oyun, İngiltərə Kubokunda 2 oyun, İngiltərə Super Kubokunda, UEFA Super Kubokunda və Liqa Kubokunda isə 1 oyun keçiriblər.


