“Barselona”nın 28 yaşlı braziliyalı ulduzu, cinah hücumçusu Rafinya İngiltərə Premyer Liqası haqda qənaətini açıqlayıb.
Arena.az “Barça Universal” dərgisinə istinadən, braziliyalı ulduzun müvafiq açıqlamasını təqdim edir:
“İngiltərə Premyer Liqası oyun və baxmaq üçün ən yaşlı liqadır. Premyer Liqada, rəqibdən asılı olmayaraq, komandaların bir-birinə necə hücum etdiklərini müşahidə edirsiniz”, deyə “Rafa” məmnunluqla vurğulayıb.
Xatırladaq ki, braziliyalı futbolçu 2020-2022-ci illərdə “Lids”in heyətində İngiltərə Premyer Liqasında çıxış edib.
Rafinya “Avai” klubunun yetirməsidir. Karyerasnın Avropa dönəminə “Vitoriya”da (Gimaraynş) başlamış futbolçu “Sportinq” (Lissabon), “Renn” və “Lids”də çıxış edib. 2022-ci ilin iyul ayında “Barselona” Rafinyanı 58 milyon avro məbləğ müqabilində “Lids”dən tanhüquqlu əsasda “blauqrana”nın heyətinə qatıb. Braziliyalı hücumçunun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə braziliyalı futbolçu “Barselona” üçün bütün yarışlarda 54 oyun keçirib, 34 qol və 25 məhsuldar ötürmə ilə fərqlənib.
Rafinyanın “Barselona” karyerası ümumilikdə 141 oyun, 54 qol və 50 məhsuldar ötürmədən ibarətdir.
Braziliyalı hücumçu Kataloniya nəhəngi ilə 2022/2023-cü illər mövsümündə İspaniya La Liqasını qazanıb və həmin mövsüm İspaniya Super Kubokunun (2022/2023, 2024/2025) qalibi olub.
Rafinya 2021-ci ilin oktyabr ayında debüt etdiyi Braziliya milli komandasının heyətində 33 oyuna çıxıb, 11 qol vurub, 7 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 28 yaşlı braziliyalı cinah hücumçusunun transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.


