“Real” düşərgəsindən “kral klubu”nun Çempionlar Liqasının 1/4 finalında “Mançester Siti”yə rəqib olması haqda şərh verilib.
Arena.az məlumat verir ki, püşkatmadan sonra “Real”ın baş məşqçisi Karlo Ançelotti və klubun institusional əlaqələr üzrə direktoru Emilio Butragenyo bu barədə fikir bildiriblər.
“Cütlüyün favoriti? Hər kəsin öz fikri var. Şəxsən mənim üçün cütlük çox bərabərdir və orada heç bir favorit yoxdur. Qisas oyunu olmayacaq. Bu, yarımfinala çıxmaq imkanıdır, başqa heç nə.
Cavab oyununun səfərdə olması bizi maraqlandırmır. Bu, çətin rəqibdir, amma 1/4 finalda başqa cür ola bilməz. Yarışı qazanmaq istəyirsənsə, ən yaxşısını məğlub etməlisən. Bəlkə də “Mançester Siti” daha yaxşıdır, amma biz bunu meydanda görməliyik. Çempionlar Liqasını qazanmaq istəyiriksə, “Siti”ni məğlub etməliyik”, – “Mundo Deportivo” nəşri italyan mütəxəssisdən sitat gətirir.
Həmçinin “Mundo Deportivo” Emilio Burtagenyonun bu barədə fikirlərini təqdim edib:
“Biz iki çempionuq və bir-birimizi çox yaxşı tanıyırıq. Qarşıda bizi iki möhtəşəm oyun gözləyir. Ümidvaram ki, komanda səfərdə yaxşı nəticə qazana bilər.
“Real”ın bir çox üstünlükləri var, kimin daha güclü olduğunu görəcəyik. Bütün oyunçular bu oyunlarda iştirak etmək istəyirlər və özlərini sübut etməyə çox can atırlar.
Bura gəlmiş bütün komandalar güclüdür. Sonda bu iki oyunun nəticəsini istənilən xüsus həll edə bilər. Təmsil edilən 8 komandanın hər biri Çempionlar Liqasını qazana bilər”, deyə Butragenyo vurğulayıb.
“Mançester Siti” ilə “Real” arasında ilk oyun aprelin 9-da Madriddə, cavab oyunu isə aprelin 17-da Mançesterdə keçiriləcək.
Xatırladaq ki, “Mançester Siti” Çempionlar Liqasının cari çempionudur. Ötən yarışın yarımfinalında Xosep Qvardiolanın “şəhərlilər”i “Real”ı ümumi hesabda 5:1 hesabı (səfərdə: 1:1, evdə: 4:0) ilə məğlub edərək yarışın finala vəsiqə qazanmşdılar. Finalda isə “Mançester Siti” “İnter”i 1:0 hesabı ilə məğlub etmişdi.


