“Real” İspaniya Super Kubokunda “Atletiko” ilə yarımfinal oyununa hakim Xavyer Alberola Roxasın təyinatına münasibətini açıqlayıb.
Arena.az məlumat verir ki, “kral klubu”nun televiziyasında bu barədə belə deyilib:
“Bizim bütün il ərzində yeganə məğlubiyyətimiz Xavyer Alberola Roxasın ucbatından olub. “Metropolitano”da son derbidə bütün səhvlərdən sonra o, super kubokda baş hakim olacaq” – “Real”ın klub televiziyası eyhamla vurğulayıb.
Xatırladaq ki, Roxas 2023-cü ilin sentyabrında La Liqanın 6-cı turu çərçivəsində “Atletiko” və “Real” arasında keçirilmiş qalmaqallı oyunda hakimlər briqadasına rəhbərlik edib. Həmin oyunda “döşəkçilər” “kral klubu”nu gözlənilmədən 3:1 hesabı ilə məğub ediblər. Bu məğlubiyyət “qaymaqlılar” üçün cari mövsümdə ilk və yeganə məğlubiyyət olaraq qalır.
Vurğulayaq ki, həmin oyunda Roxas bir neçə kobud səhvə yol verib. Bu xətaların hamısı oyunun axarına və nəticəsinə təsir baxımından əhəmiyyətli dərəcədə səciyyəvidir. Oyunun 3-cü dəqiqəsində Roxas “Atletiko”nun hücumçusu Alvaro Moratanın vurduğu qoldan əvvəl Cud Bellingemə qarşı aşkar kobudluğu qeydə almayıb. Birinci hissənin sonunda isə Antonio Rüdigerin mövqeli oyundankənar vəziyyətə düşməsi səbəbindən Eduardo Kamavinqanın təmiz qolunu ləğv edib. Həmçinin Roxas “Atletiko”nun müdafiəçisi Xose Ximenesin aşkar qayda pozuntusu ilə müşayiət edilən kobud oyunu müqabilində qırmızı vərəqə göstərməyib.
İspaniya Super Kubokunun yarımfinal mərhələsinin “Real” – “Atletiko” oyunu yanvarın 10-da keçiriləcək. Hakim Roxas oyunun başlanğıc fitini Bakı vaxtı ilə saat 23:00-da səsləndirəcək. İkinci yarımfinal oyununda isə “Barselona” və “Osasuna” komandaları qarşılaşacaqlar.


