“Real” və İspaniya yığmasının ispan sağ cinah müdafiəçisi Daniel Karvaxal soleus əzələsindən zədələnərək sıradan çıxıb.
Arena.az bu barədə Madrid klubunun mətbuat xidmətinə istinadən məlumat verir:
Karvaxal ötən şənbə, La Liqanın dekabrın 2-də keçirilmiş 15-ci turunun “Qranada” ilə oyunu (2:0) zamanı ikinci hissəsinin əvvəlində əvəzlənib. Bu gün aparılmış müayinənin nəticələrinə görə, ispan futbolçunun ayaq əzələsini zədələdiyi məlum olub. Müdafiəçinin sağalma şərtləri barədə məlumat verməyib.
Dani Karvaxal gənclik illərində “Leman”da və ardınca “Real”ın gənclərdən ibarət komandasında çıxış edib, buradan isə “Bayer”ə transfer edilib. Cəmi bircə mövsüm alman klubunda oynamış Karvaxal 2013-cü ildə “Real”a artıq püxtələşmiş bir futbolçu kimi qayıdıb və tədricən “qaymaqlılar”ın heyətində yerini möhkəmlədib. Karavaxalın “Real”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Karvaxal “Real”ın heyətində 17 oyun keçirib, 2 qol vurub və eyni sayda məhsuldar ötürmə verib. Daniel “Real”la bütün mümkün klub turnirlərini qazanıb: 3 dəfə İspaniya çempionatının, 2 dəfə İspaniya Kubokunun, 3 dəfə İspaniya Super Kubokunun, 5 dəfə Çempionlar Liqasının, 4 dəfə UEFA Super Kubokunun, 5 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub.
Daniel Karvaxal 2014-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 42 oyuna çıxıb, 6 məhsuldar ötürmə verib və “qırmızı qəzəb”in heyətində 2023 UEFA Millətlər Liqasını qazanıb. Karvaxal həmçinin İspaniyanın U-19 və U-21 yığmaları ilə müvafiq olaraq AÇ-2011 və AÇ-2013 turnirlərində çempion olub.
Karvaxalın “Real”la müqaviləsi 2015-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
“Transfermarkt” internet-portalı 31 yaşlı Daniel Karvaxalı 12 milyoon avro məbləğində qiymətləndirir.


