Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Ümraniyəspor” komandasının baş məşqçisi Recep Uçar istefaya göndərilib. Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bunlar qeyd olunub: “Ümraniyəspor”u tarixində ilk dəfə Super Liqaya çıxaran, klub tarixinin ən uğurlu baş məşqçisi olan Recep Uçar, qarşılıqlı razılıq əsasında vəzifəsindən ayrılıb. Ona xidmətlərinə görə təşəkkür edir, bundan sonrakı karyerasında uğurlar arzulayırıq”.
R.Uçar 2020-ci ilin oktyabr ayından “Ümraniyəspor”a rəhbərlik edirdi. O, bu komandanı bütövlükdə 97 matça çıxarıb. Bu görüşlərdə 42 qələbə qazanmış kollektiv, 22 heç-heçə edib və 33 məğlubiyyətə üzülüb.
Bu mövsüm isə komanda Super Liqada 28 matçda cəmi 5 qələbə qazanıb. Qalan görüşlərdə 8 heç-heçə edən kollektiv 15 məğlubiyyətə üzülüb. Hazırda 23 xalı olan “Ümraniyəspor” 19 iştirakçı arasında 18-ci pillədə qərarlaşıb və Super Liqanı tərk etməyə əsas namizəddir.
Xatırladaq ki, R.Uçar “Ümraniyəspor”dan əvvəl “Beşiktaş”da da köməkçi-məşqçi kimi fəaliyyət göstərib.


