Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Türkiyənin “Hatayspor” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün Türkiyə Super Liqasının 10-cu turu çərçivəsində “Kayserispor”la qarşılaşıb.
“Hatayspor” bu rəqiblə doğma meydanda üz-üzə gəlib. Futbolçumuzun komandası meydandan 1:2 hesablı məğlubiyyətlə ayrılıb.
Dadaşov bu oyuna start heyətdə başlayıb və sonadək oynayıb. Komandasının yeganə qolunu da azərbaycanlı forvard vurub. 69-cu dəqiqədə penaltidən dəqiq yararlanan Renat cari mövsümdə vurduğu qolların sayını 3-ə çatdırıb. O, bu görüşün 86-cı dəqiqəsində sarı vərəqə də alıb.
Türkiyə yığmasının sabiq qapıçısı Volkan Dəmirəlin çalışdırdığı “Hatayspor” cari mövsümdə ikinci dəfə məğlubiyyətə üzülüb. Sözügedən komanda 10 turdan sonra 14 xalla 20 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, Renat Dadaşov müqavilə ilə 2022-ci ilin iyul ayından formasını geyindiyi İsveçrənin “Qrasshopper” klubuna məxsusdur. Türkiyə klubu onu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb. Dadaşov Hatay təmsilçisində 6 oyun keçirib və 3 qol vurub.


