Riyad Mahrez “Əl-Əhli”yə keçməyə razılaşdı

Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubu yaxın vaxtlarda “Mançester Siti”nin vingeri Riyad Mahrez ilə güclənməyə hazırlaşır.

Arena.az bu barədə italyan jurnalist-insayder Fabrisio Romanoya istinadən məlumat verir.

Mənbənin məlumatına görə Mahrez artıq müqaviləyə əsasən “Əl-Əhli”nin təklifini qəbul etməyə hazırdır.

“Əl-Əhli” Əlcəzair yığmasının hücumçusu ilə tezliklə razılaşmağa çalışır. Mahrezə artıq 2026-cı ilə qədər illik 20 milyon avro məvaciblə müqavilə təklif edilib və futbolçu bu təklifi qəbul etməyə hazırdır. Eyni zamanda “Mançester Siti” rəsmi təklif və lazımi sənədləri gözləməkdədir. Razılaşma əsas mərhələdədir və futbolçuya yalnız tibbi müayinədən keçmək qalır. Tərəflərin gələn həftə bütün məqamları ətraflı müzakirə edəcəyi gözlənilir.

Geridə qalmış 2022/2023 mövsümündə Riyad Mahrez “Mançester Siti”nin heyətində 47 oyuna çıxıb, 15 qol vurub, 13 məhsuldar ötürmə verib. O, “şəhərlilər”lə “trebl”ə imza atıb: İngiltərə çempionluğunu, İngiltərə Federasiya Kubokunu, UEFA Çempionlar Liqasını qazanıb.

Mahrezin “şəhərlilər”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

“Transfermarkt” internet-portalı Mahrezi 20 milyon avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, cari transfer pəncərəsində “Əl-Əhli” “Çelsi”nin seneqallı qapıçısı Eduard Mendini və “Liverpul”un braziliyalı hücumçusu Roberto Firminonu da heyətinə qatıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: