“Barselona”nın polyak mərkəz hücumçusu Robert Levandovski 2011-ci ildən bəri ən pis qolsuzluq silsiləsinə imza atıb.
Arena.az məlumat verir ki, Levandovski “Barselona”nın heyətində ardıcıl 6 oyundur ki, “qol susqunluğu” yaşayır.
Bu göstərici Robert Levandovskinin 2011-ci ilin fevralından bəri ən pis qolsuzluq silsilədidir.
Xatırladaq ki, Levandovski “Barselona”ya 2022-ci ilin iyulunda 45 milyon avro müqabilində “Bayern”dən keçib. Tərəflər arasında müqavilə 2026-cı il iyun ayının sonuna qədər qüvvədədir.
Levandovski “Barselona”nın heyətində 59 oyuna çıxıb. O, bu oyunlarda 39 qol vurub, 12 məhsuldar ötürmə müəllifi olub. Cari mövsümdə isə polyak hücumçu 13 oyunda 6 qol vurub və 4 məhsuldar ötürmə müəllifi olub.
Təcrübəli hücumçu karyerası ərzində “Borussiya” (Dortmund), “Lex” (Poznan), “Zniç”, “Legiya” (Varşava) və “Delta” komandalarında da çıxış edib.
Robert Levandovski hazırda kapitanı olduğu və 2008-ci ilin sentyabr ayında debüt etdiyi Polşa yığmasının heyətində 144 oyun keçirib, 81 qol vurub, 31 məhsuldar ötürmə verib. Hücumçu hər iki göstərici üzrə Polşa yığma komandasının mütləq rekordçusudur.
“Transfermarkt” internet-portalı 35 yaşlı Robert Levandovskini 30 milyon avro məbləğində qiymətləndirir.


