Bu yay “Udineze”dən azad agent kimi ayrılmış Argentina milli komandasının yarımmüdafiəçisi Roberto Pereyra yenidən bu kluba qayıdıb.
Arena.az xəbər verir ki, bu barədə İtaliya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Ötən mövsüm bitən kimi tərəflər müddəti başa çatan müqaviləni yeniləməməyə qərar vermiş və yollarını ayırmışdılar. Lakin futbolçu bu müddət ərzində özünə yeni klub tapa bilmədiyi üçün A Seriyası təmsilçisinə qayıtmağa razılaşıb. 32 yaşlı yarımmüdafiəçi 1 illik müqaviləyə imza atıb.
Roberto Pereyra 2020-ci ilin sentyabr ayından “Udineze”nin uğurları üçün çalışırdı. Argentinalı futbolçu bu komandanın heyətində meydana çıxdığı 202 oyunda 23 qol vurub, 33 məhsuldar ötürmə müəllifi olub.
Mərkəz yarımmüdafiəçisi karyerası ərzində “Uotford”, “Yuventus”, “River Pleyt” kimi klubların da formasını geyinib. O, Argentina milli komandasında 19 oyun keçirib, 2 qola imza atıb.


