Rodri La Liqaya mümkün qayıdışı haqda: “Ancaq bir şərtlə…”

“Mançester Siti”nin ispan dayaq yarımmüdafiəçisi Rodri İspaniya La Liqasına mümkün qayıdışı haqda söhbət açıb.

Arena.az AS dərgisinə istinadən, ispan futbolçunun bu barədə fikirlərini təqdim edir:

“Mən, bir meyarımın olması üçün, qəbul etdiyim bütün qərarları təhlil etməyə çalışıram. İngiltərədə çox, çox xoşbəxtəm. Düşünürəm ki, dünyanın ən yaxşı klublarından birindəyəm, bu, göz qabağındadır və xoşbəxtəm. Mənim 3 illik müqaviləm var, vaxtı gələndə isə görəcəyəm. Ancaq qısamüddətli perspektivə gəldikdə, bu barədə əvvəllər danışmışam. Uzunmüddətli perspektivə baxmağı sevmirəm və ya mənasızdır. İspaniya mənim ölkəm, Madrid mənim şəhərim, evimdir. Mən Mançesterə gedərkən, valideynlərimlə söhbətimi xatırlayıram ki, onlar mənə qərarımdan əmin olub-olmadığımı soruşmuşdular, çünki fərqli bir ölkəyə, fərqli bir mədəniyyətə gedirdim. Əvvəl-axır isə, insan nəyəsə arxayın olanda, xoşbəxt olur. Əgər qayıtsam, bu, ancaq əminliklə olacaq”, deyə Rodri vurğulayıb.

Rodri Madrid “Atletiko”sunun yetirməsidir. İspan “dayaqçı” “Mançester Siti”yə 2019-cu ilin iyulunda 70 milyon avro müqabilində elə, “Atletiko”dan keçib. Rodrinin “Mançester Siti” ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Artıq geridə qalmış 2023/2024-cü illər mövsümündə Rodri “şəhərlirlər”in heyətində bütün yarışlarda 50 oyuna çıxıb, 9 qol vurub, 14 məhsuldar ötürmə verib.

Rodri “Mançester Siti” ilə İngiltərə Premyer Liqasının (2020/2021, 2021/2022, 2022/2023, 2023/2024), İngiltərə Kubokunun (2023), İngiltərə Liqa Kubokunun (2020, 2021), İngiltərə Super Kubokunun (2020), Çempionlar Liqasının (2022/2023), UEFA Super Kubokunun (2023/2024), FIFA Klub Dünya Kubokunun (2024) qalibi olub. Rodri həmçinin 2022/2023 mövsümü Çempionlar Liqasında mövsümün oyunçusu seçilib.

Rodriqo Ernandes 2018-ci ilin martında debüt etdiyi İspaniya yığmasının heyətində 55 oyun keçirib, 4 qol vurub, 2 məhsuldar ötürmə verib. Rodri İspaniya yığması ilə 2023-cü il UEFA Millətlər Liqasının qalibi olub.

“Transfermarkt” internet-portalı 28 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 120 milyon avro məbləğində qiymətləndirir. Bu isə Rodrinin futbol tarixində ən bahalı ispan futbolçu olması deməkdir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: