“Roma” qışda Almaniiyanın “Leypsiq” klubundan icarəyə götürdüyü ispan sol cinah müdafiəçisi Anxelinyonun transfer hüquqlarına sahib olub.
Arena.az bu barədə İtaliya klubunun rəsmi saytına istinadən məlumat verir.
“Canavarlar”ın rəhbərliyi ispan futbolçunun meydanda nümayiş etdirdiyi oyun və meydandan kənarda davranışını bəyənərək müvafiq qərarını gerçəkləşdirib.
Anxelinyo “Deportivo La-Korunya” və “Mançester Siti”nin futbol akademiyalarında yetişib. İspan futbolçu karyerası ərzində “Nyu-York Siti”, “Jirona”, “Malyorka”, “Breda”, PSV, “Leypsiq”, “Hoffenhaym” və “Qalatasaray”da çıxış edib.
2024-cü ilin yanvarında “Roma” Anxelinyonu “Leypsiq”dən mövsümün sonuna qədər satınalma şərti ilə icarəyə götürmüşdü. Mövsüm başa çatdıqdan sonra İtaliya klubunun rəhbərliyi futbolçunun transfer hüquqlarını da almağa qərar verib. Bu müqavilə “Roma”ya 5,2 milyon avroya başa gəlib. Müdafiəçinin illik qazancı isə 2 milyon avro olacaq. Yeni müqavilənin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq.
2023/2024-cü illər mövsümünün ikinci yarıdısında Anxelinyo “Roma”nın heyətində bütün yarışlarda 20 oyuna çıxıb, 1 məhsuldar ötürmə verib.
Anxelinyo İspaniyanın U-17 və U-21 yığmalarında çıxış edib, əsas yığmaya isə hələ də dəvət almayıb.
Anxelinyonun qənimətlər muzeyində “Mançester Siti” ilə qazandığı İngiltərə Liqa Kuboku (2 dəfə) və İngiltərə Super Kuboku, həmçinin “Leypsiq”lə qazandığı Almaniya Kuboku var.
“Transfermarkt” internet-portalı 27 yaşlı ispan müdafiəçinin transfer dəyərini 8 milyon avro mələğində qiymətləndirir.


