“Roma” Joze Mourinyonun gələcəyi ilə bağlı qərar verdi

“Roma” “canavarlar”ın baş məşqçisi, portuqal mütəxəssis Joze Mourinyoya yeni müqavilə təklif etməyə hazırdır.

Arena.az bu barədə “Calciomercato” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, klub rəhbərliyi portuqal mütəxəssislə əməkdaşlığı davam etdirmək qərarına gəlib. Yaxınlarda “Mour”a 1 illik müqavilə təklif ediləcək, amma bu, 2024/2025 mövsümünə “Roma” Çempionlar Liqasına vəsiqə qazanarsa, müqavilə müddətinin dərhal uzadılması şərtini ehtiva edir.

Hazırda “Mour”un çalışdırdığı “canavarlar” İtaliya A Seriyasının ilk dövrəsindən, 19 turdan 29 xalla turnir cədvəlinin 8-ci pillədində qərarlaşıblar. A Seriyasına 48 xalla “İnter” başçılıq edir.

“Mour” karyerası ərzində “Tottenhem”, “Mançester Yunayted”, “Çelsi”, “Real”, “İnter”, “Portu”, “Leyriya”, “Benfika” və “Barselona”nı çalışdırıb.

Portuqal mütəxəssis 2021-ci ilin iyulundan “Roma”nı çalışdırır. “Mour”un bu klubla müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir. “Canavarlar”a rəhbərliyi müddətində Mourinyo paytaxt klubunu ardıcıl iki dəfə avrokubokların finalına çıxarıb.

Mourinyonun rəhbərliyi altında “Roma” 2021/2022 mövsümündə Avropa Konfrans Liqasının ilk mövsümünün qalibi olub. 2022/2023 mövsümündə isə Mourinyonun yetirmələri Avropa Liqasının finalında “Sevilya”ya oyunsonrası penaltilərlə məğlub olublar.

Xatırladaq ki, Joze Mourinyo tarixdə UEFA Çempionlar Liqasını, Avropa Liqasını və Konfrans Liqasını qazanmış ilk məşqçidir.

Xəbəri sosial şəbəkələrdə paylaş: