“Roma”nın argentinalı hücumçusu Paulo Dibala zədələnib və ilkin məlumata görə bir müddət yaşıl meydanlardan kənarda qalacaq.
Arena.az məlumat verir ki, xoşagəlməz hadisə argentinalı hücumçunun başına dünən, oktyabrın 8-də “canavarlar”ın A Seriyasının 8-ci turu çərçivəsində “Kalyari”yə qarşı keçirdiyi oyunda gəlib.
Dibala 4:1 hesabıyla qalib gəldikləri bu oyuna əsas heyətdə başlayıb, amma 40-cı dəqiqədə zədə ilə üzləşərək, Belotti ilə əvlənib. Zədənin ciddiliyi və argentinalı hücumçunun futbola qayıdış vaxtı haqda səhih məlumat yoxdur.
Paulo Dibala “Roma”ya 2022-ci iliin iyulunda “Yuventus”dan sərbəst transferlə keçib. Paulonun paytaxt klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Dibala “canavarlar”ın heyətində 7 oyuna çıxıb, 2 qol və eyni sayda məhsuldar ötürmə ilə fərqlənib.
Dibala 2015-ci ilin oktyabrında debüt etdiyi Argentina yığmasının heyətində 38 oyun keçirib, 3 qol vurub, 7 məhsuldar ötürmə verib. Paulo yığma komanda ilə 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatının və 2022 Çempionların CONMEBOL-UEFA Kuboku çərçivəsində “Finalissima” oyununun qalibi olub.
“Transfermarkt” internet-portalı 29 yaşlı Paulo Dibalanı 30 milyon avro məbləğində qiymətləndirir.
Xatırladaq ki, “Roma” bu mövsüm əvvəlində əsas hücumçusu Temmi Abrahamı da uzun müddətə itirmişdi. Bu üzdən də klub rəhbərliyi İngiltərənin “Çelsi” klubunun və Belçika milli komandasının hücumçusu Romelu Lukakunu icarəyə götürməyə qərar verib. Lukaku hələ ki, ümidləri doğruldur. Təcrübəli futbolçu “canavarlar”ın heyətində meydana çıxdığı 10 oyunda 9 qol vurub.



