“Roma”nın sahibi Fransanın “Kann” klubunu aldı

“Roma” sahiblərinin konsorsiumu “The Friedkin Group” Fransanın dördüncü divizion komandası “Kann” klubunu alıb.

Arena.az bu barədə sözügedən klubun yaydığı rəsmi məlumata əsasən xəbər verir.

Bu, “The Friedkin Group”un sahib olduğu ikinci klubdur.

Kann meri Devid Lisnar təxminən 18 aylıq danışıqlara xitam verərək, bu gün səhər müvafiq mövzuda rəsmi bəyanatla çıxış edib.
“Roma”nın cari vitse-prezidenti Rayan Fridkin “Kann” klubunun yeni prezidenti təyin edilib. Rayan Fridkin bu vəzifədə xanım Enni Kurtadeni əvəzləyib. Xanım Kurtade klubun 2% miqdarında səhmlərini özündə saxlayacaq.

Rayan Fridkin bu sövdə münasibətilə fikirlərini sevinclə ifadə edib: “Belə bir əfsanəvi futbol klubuna qoşulmaq üçün həyəcanlı vaxtdır. Kann və Fransanın bu hissəsi həmişə bizim qəlbimizdə xüsusi yer tutub və mən mer David Lisnara və Enni Kurtadeyə ailəmə, “əjdahalar”ın irsini davam etdirmək imkanı verdiyinə üçün təşəkkür etmək istərdim.

Biz klubu liqada daha da irəliləmək üçün rəqabətədavamlı saxlamaq, azarkeşləri və şəhəri qürurlandırmaq üçün əlimizdən gələni etməyi səbirsizliklə gözləyirik.

Bu, çox duyğusal bir gündür, lakin biz ümid edirik ki, “Friedkin Group”la “Kann” klubunu parlaq gələcək gözləyir”.

“Kann” klubu 1909-cu ildə təsis edilib, “əjdahalar” ləqəbi ilə məşhurdur. Bir çox fransız ulduzlar futbolçu karyerasına məhz “Kann”dan başlayıblar. Klubun qızıl dövrü XX əsrin 30-cu illərinə təsadüf edir. 1932-cü ildə “Kann” Fransa kubokunu qazanıb, 1933-cü ildə isə milli çempionatının “gümüş”ünə sahib olub. Komandanın növbəti uğuru uzun illər sonraya təsadüf edir, 1986-cı ildə “Kann” Fransa Liqa Kubokunun finalçısı olub. “Kann” son dəfə Fransa çempionatının yüksək liqasında 1997/1998 mövsümündə çıxış edib. Klubun ən qara dövrü 2013/2014 mövsümünə təsadüf edir. Ciddi maliyyə problemləri üzləşmiş “Kann” ləğv edilməkdən sığortalansa da, Fransanın yeddinci divizionuna göndərilib.

Komanda ev oyunlarını 12800 yerlik “Stad Pyer de Kuberten” stadionunda keçirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: