Romelu Lukaku “Yuventus”la anlaşdı

İngiltərənin “Çelsi” klubunun və Belçika yığmasının hücumçusu Romelu Lukaku “Yuventus”a keçmək ərəfəsindədir.

Arena.az bu barədə “Corriere dello Sport”a istinadən məlumat verir.

Mənbənin məlumatına görə, “Qoca sinyora”nın rəhbərliyi Lukaku ilə mövsümə 8 milyon avro məvacib qarşılığında 3 illik müqavilə imzalayıb. “Yuventus” “Çelsi” ilə də anlaşıb, “zadəganları” 40 milyon avroluq müqavilə razı salıb. Turin klubunun 2023-cü ilin mart ayından Lukakunun transferi üzərində işlədiyi vurğulanır.

Xatırladaq ki, Lukakunun “İnter”də oynamaqdan imtina etdiyi və bunu mövsümboyu həlledici oyunlarda baş məşqçi Simone İnzagidən etimad görməməsi ilə izah etdiyi bildirilir. Öz növbəsində “İnter” Lukakunun “Yuventus”la anlaşdığı haqda məlumatı əldə edən kimi, belçikalı hücumçu ilə əməkdaşlığa son qoyduğunu bəyan etmişdi.

Geridə qalmış 2022/2023 mövsümündə Romelu Lukaku icarə əsasında “İnter”in heyətində 37 oyununa çıxıb, 14 qol vurub və 7 məhsuldar ötürmə verib. O, “neradzurri” ilə İtaliya Kubokunu, İtaliya Super Kubokunu qazanıb, İtaliya çempionatında bürünc, UEFA Çempionlar Liqasında gümüş mükafatçı olub.

Lukakunun “Çelsi” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

“Transfermarkt” internet-portalı Romelu Lukakunu 40 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: