Şahmat üzrə rapid və blits növlərində 2023-cü ildə dünya çempionatları dekabrın 26-dan 30-dək Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək.
Arena.az məlumat verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç bildirib:
“FIDE Özbəkistanın zəngin şahmat ənənəsini və onun son vaxtlar şahmat üzrə super dövlət kimi meydana çıxmasını tanıyır. Şahmata olan bu fədakarlıq və sərmayə bizi bu mötəbər yarışa ev sahibliyi etməyi Özbəkistana həvalə etməyə sövq etdi”, – FIDE-nin rəsmi saytı Dvorkoviçdən sitat gətirir.
Xatırladaq ki, 2022-ci ildə sürətli şahmat üzrə dünya çempionatı Qazaxıstanın Almatı şəhərində keçirilib. Kişilərin yarışında hər iki növdə norveçli qrosmeyster Maqnus Karlsen qalib gəlib. Qadınların turnirində rapid üzrə çinli şahmatçı Tan Çjunyi, blits üzrə isə qazax şahmatçı Bibisara Asaubaeva qələbə qazanıb.


