Sabah – sentyabr ayının 16-da “Mançester Siti”nin 115 maliyyə pozuntusu ilə bağlı məhkəmə dinləmələri başlayacaq.
Arena.az bu barədə “Sky Sports” dərgisinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, müstəqil komissiya qarşısında rəsmi dinləmələr iki aya qədər davam edəcək. İngiltərə Premyer Liqası və “Mançester Siti” öz mövqelərini əsaslandıran açıqlamalar verməli olacaqlar. Bundan sonra müstəqil komissiya bütün sübutları nəzərdən keçirəcək və bu baxış, ittihamların həcminə görə bir neçə ay çəkəcək. Müvafiq iş üzrə qərarın açıqlanması üçün mümkün olan ən erkən tarix gələn ilin mart ayıdır.
Xatırladaq ki, Mançester klubu 2009-2018-ci illər ərzində maliyyə ədaləti qaydalarını pozmaqda ittiham edilir. “Şəhərlilər”in, həyata keçirdikləri maliyyə ödənişlərini tam açıqlamadıqları güman edilir. Təhqiqat 115 müvafiq qanun pozuntusunu aşkar edib və iş bu pozuntular əsasında açılıb.


