Serci Roberto: “Barselona”nın əsas hədəfi – Çempionlar Liqasıdır”

“Barselona”nın sağ cinah müdafiəçisi və yeni kapitanı Serci Roberto komandasının qarşıdakı mövsüm üçün hədəflərindən danışıb.

Arena.az “Mundo Deportivo”ya istinadən ispan futbolçunun bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Mən yalan danışmayacağam. “Barselona”nın Çempionlar Liqasında qələbəsi – bizim əsas məqsədimizdir. Artıq bir çox arzularımı həyata keçirməyimə rəğmən, kapitan kimi bu kuboku qaldırmaq fürsəti mənim üçün xüsusi bir an olacaq”, deyə Roberto bildirib.

Xatırladaq ki, ötən mövsüm “Barselona” UEFA Çempionlar Liqasının qrup mərhələsini “Bayern” və “İnter”dən sonra üçüncü pillədə başa vurmuşdu. Nəticədə kataloniyalılar Avropa Liqasına yuvarlanaraq, mübarizəni bu turnirin ilk pley-off mərhələsində “Mançester Yunayted”ə məğlub olaraq dayandırıblar.

Serci Roberto bu yay 2023/2024 mövsümü üçün “Barselona”nın yeni kapitanı təyin edilib. Geridə qalmış 2022/2023 mövsümündə o, “Barselona”nın heyətində 33 oyuna çıxıb. Müdafiəçi bu oyunlarda 4 qol vurub, 3 məhsuldar ötürmə verib və İspaniya çempionluğunu, İspaniya Super Kubokunu qazanıb.

31 yaşlı futbolçunun “Barselona” ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir. O, 2016-ci ildə debüt etdiyi İspaniya yığmasının heyətində 11 oyuna çıxıb, 1 qol vurub.

“Transfermarkt” internet-portalı 31 yaşlı Serci Robertonu 5 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: