Serxio Regilon “Brentford”da – Rəsmi

“Tottenhem”in ispan müdafiəçisi Serxio Regilon icarə əsasında İngiltərə Premyer Liqasının digər təmsilçisi “Brentford”a keçib.

Arena.az bu barədə sözügedən klubların rəsmi saytlarına istinadən məlumat verir.

27 yaşlı futbolçunun bu mövsümün sonuna kimi “Brentford”da icarədə olacağı diqqətə çatdırılıb. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb.

Xatırladaq ki, Serxio Regilon bu mövsümün əvvəlində icarə əsasında “Mançester Yunayted”ə keçmişdi. O, bu komandada cəmi 12 oyuna çıxıb. Lakin bu ayın əvvəlində Mançester klubu onunla icarə müqaviləsinə vaxtından əvvəl xitam verildiyini açıqlamışdı. Bu üzdən də Regilon müqavilə ilə məxsus olduğu “Tottenhem”ə qayıtmaq məcburiyyətində qalmışdı. Müdafiəçi London klubunda da mütəmadi oyun vaxtı alacağından əmin olmadığı üçün elə, bu qış transfer pəncərəsində “mahmızlar”ın düşərgəsini tərk edib.

Regilon “Tottenhem”ə 2020-ci ildə Madrid “Real”ından keçib. İspaniya yığmasının üzvü London klubunda 67 oyuna çıxıb, 2 qol və 9 assistlə yadda qalıb. O, 2022/2023 mövsümünü də Madrid “Atletiko”sunda icarədə keçirib. Regilon daha öncə “Loqrones”də də çıxış edib, İspaniya millisində 6 oyunun iştirakçısı olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: