Şime Vrsalko “Atletiko”dan ayrıldı

İspaniyanın “Atletiko” klubu müdafiəçisi Şime Vrsalko ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.

30 yaşlı futbolçunun müddəti bitən müqaviləsini yeniləməyə ehtiyac duyulmayıb. İspaniya klubu xorvatiyalı oyunçuya gələcək karyerasında uğurlar arzulayıb.

Şime Vrsalko 2016-cı ildən “Atletiko”da çıxış edirdi. O, paytaxt klubunda keçirdiyi 5 mövsüm ərzində bütövlükdə 100 matça çıxıb, 3 qola imza atıb. İspaniya klubu 2018/19 mövsümündə onu İtaliya “İnter”inə icarəyə də verib.

Zaqreb “Dinamo”sunun yetirməsi olan Vrsalko, bu komandalarla yanaşı, “Lokomotiva” (Zaqreb), “Cenoa” və “Sassuolo”da da çıxış edib. Müdafiəçinin karyerasını Yunanıstanın “Olimpiakos” klubunda davam etdirməsi gözlənilir.

Vrsalko Xorvatiya yığmasında 52 oyun keçirib.

“Atletiko” ilə bağlı daha bir maraqlı xəbər, madridlilərin “Barselona”dan götürdüyü Antuan Qrizmannı heyətinə saxlamağa qərar verməsidir. Belə ki, sözügedən klub fransalı hücumçunu daha bir il müddətinə icarəyə götürüb. Artıq futbolçunun özü və klubu ilə bütün məsələlərdə razılıq əldə olunub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: