Sofyan Amrabat: “Ten Haq karyeramda ən vacib adamlardandır”

“Mançester Yunayted”in yeni transferi, mərakeşli dayaq yarımmüdafiəçisi Sofyan Amrabat klubun mətbuat xidmətinə müsahibə verib.

Arena.az xəbər verir ki, “Mançester Yunayted”in heyətinə bir neçə gün öncə qatılmış Mərakeş yığmasının 27 yaşlı üzvü “qırmızı şeytanlar”ın baş məşqçisi Erik ten Haqın onun karyerasındakı rolundan danışıb.

Xatırladaq ki, Amrabat Niderland “Utrext”ində Erik ten Haqın rəhbərliyi altında peşəkar futbolda ilk addımlarını atıb.

“Mən məşqçinin etimadını hiss edirdim – bu, çox vacib idi, çünki o zaman çox gənc idim. 18-19 yaşım vardı və o, mənə “Utrext”in əsas komandasında oynamaq imkanı verdi. Biz vaxtımızı fantastik keçirdik və həqiqətən yaxşı bir mövsüm alındı. Mən ondan çox şey öyrəndim. Beləliklə, o, yəqin ki, hazırda karyeramdakı ən vacib insanlardan biridir.

Ten Haq ilə yenidən işləmək fantastikdir, çünki Erik həmişə sona qədər gedəcək bir məşqçidir. O, acdır. O, qazanmaq istəyir. O, qalibdir və bu mənə xoş gəlir. Düşünürəm ki, mən də eynilə eləyəm, həm də qalibəm. Mən hər gün qalib olmaq istəyirəm.

Mənim oyun üslubum? Mən özüm haqqında danışmağı sevmirəm. Mən bunu meydanda göstərmək istəyirəm, amma söz verə bilərəm ki, var gücümlə çalışacağam: hər gün, hər dəqiqə, hər saniyə. Hələlik bu, indi demək istədiyim yeganə məqamdır”, deyə Amrabat mövqeyini sərgiləyib.

2014-cü ildə Utrext akademiyasını bitirdikdən sonra Amrabat 2014/2015 mövsümündə Erediviziyada 4 oyun keçirib və sonra Ten Haqın baş məşqçi vəzifəsinə gəlişindən sonra o, əsas komandanın oyunçusuna çevrilib. Amrabat “Utrext”dən “Feyenoord”a, oradan isə “Brügge”yə keçib. Ardınca o, İtaliyaya – “Verona”ya icarəyə yollanıb, buradan isə 2020-ci ilin yanvarında 19,5 milyon avro qarşılığında “Fiorentina”ya keçib. Geridə qalmış 2022/2023 mövsümündə Amrabat “Fiorentina”nın heyətində 49 oyun keçirib, 1 məhsuldar ötürmə verib. Ümumilikdə Amrabat Florensiya komandasında 107 oyun keçirib, 1 qol və eyni sayda məhsuldar ötürmə verib.

Sofyan Amrabat 2017-ci ilin mart ayında debüt etdiyi Mərakeş yığmasının heyətində 49 oyuna çıxıb, 2 məhsuldar ötürmə verib. O, komandasının fəxri 4-cü yeri tutduğu 2022-ci ildə keçirilmiş Qətər mündialında iştirak edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: