Takefusa Kubo və Miçel – La Liqada sentyabrın ən yaxşıları!

Yaponiya millisinin və “Real Sosyedad”ın sağ cinah vinger Takefusa Kubo İspaniya La Liqasında sentyabr ayının ən yaxşı oyunçusu seçilib.

Arena.az xəbər verir ki, bu barədə La Liqanın rəsmi saytı məlumat yayıb.

Kubo sentyabr ayında “Real Sosyedad”ın heyətində La Liqa çərçivəsində 4 oyuna çıxıb. O, bu oyunlarda 4 qol vurub.

Xatırladaq ki, Takefusa Kubo “Real Sosyedad”a 2022-ci ilin iyul ayında Madrid “Real”ından keçib. Sosyedad klubu onun transferi üçün 6.5 milyon avro xərc çəkib. Kubonun bu klubla müddəti 2027-cu ilin iyun ayının sonuna qədər qədər nəzərdə tutulmuş müqaviləsi var.

Takefusa 2019-cu ilin iyun ayında debüt etdiyi Yaponiya yığmasında 28 oyun keçirib, 2 qol vurub, 5 məhsuldar ötürmə verib.

Yeri gəlmişkən, İspaniya La Liqasında sentyabr ayının ən yaxşı baş məşqçisi də məlum olub. Bu ada “Jirona”nın baş məşqçisi Miçel (Migel Anxel Sançes Munyos) layiq görülüb. Onun komandası sentyabrda 5 matç keçirib və bu görüşlərin dördünü qələbə ilə başa vurub. “Las Palmas” (1:0) və “Malyorka” (5:3) ilə ev, “Qranada” (4:2) və “Vilyarreal”la (2:1) səfər oyunlarından qalib ayrılmış “Jirona” yalnız ayın son günündə “Real”a doğma meydanda 0:3 hesabıyla yenilib.

Miçel 2021-ci ilin iyul ayından “Jirona”nı çalışdırır. 47 yaşlı ispan mütəxəssis daha öncə “Rayo Valyekano” və “Hueska”ya da rəhbərlik edib.

Xatırladaq ki, La Liqada 2023/2024 mövsümünün avqust ayı üzrə ən yaxşı oyunçusu Cud Bellingem (“Real) seçilmişdi. Madrid təmsilçisini çalışdıran Karlo Ançelotti isə ən yaxşı baş məşqçi elan edilmişdi.

Xəbəri sosial şəbəkələrdə paylaş: