Tomas Müller Çempionlar Liqasında Xavinin rekordunu qırdı

Çempionlar Liqasının Liqa mərhələsinin Zaqreb “Dinamo”su ilə 1-ci turunun oyunu “Bayern”in hücumçusu Tomas Müller üçün əlamətdar olub.

Arena.az “Opta Sport” statistik internet-portalına istinadən məlumat verir ki, “Bayern”in 9:2 hesablı möhtəşəm qələbə qazandığı oyunda, Tomas Müller Çempionlar Liqasında Almaniya nəhənginin heyətində 152-ci dəfə meydana çıxıb.

Beləliklə, Müller bir klubun heyətində Çempionlar Liqasında ən çox oyun keçirmiş futbolçu olaraq adını tarixə yazıb.

Xatırladaq ki, əvvəlki rekord “Barselona”nın keçmiş yarımmüdafiəçisi Xaviyə məxsus idi – 151 oyun.

Müller Çempionlar Liqasında “Bayern” üçün keçirdiyi 152 oyunda 54 qol vurub, 34 məhsuldar ötürmə verib.

35 yaşlı veteran hücumçu “Bayern”lə 2 dəfə Çempionlar Liqasının qalibi olub (2012/2013, 2019/2020).

Tomas Müller “Bayern”in yetirməsidir. Veteran hücumçu 2000-ci ildən “Bayern”in düşərgəsindədir və 2009-cu ilin iyulundan Münhen klubunun əsas komandasında çıxış edir. Müllerin “Bayern”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Müller cari mövsümdə “Bayern” üçün bütün yarışlarda 3 oyun keçirib, 3 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib. Ümumilikdə Müllerin “Bayern”in heyətində çıxışının mənzərəsi belədir: 712 oyun, 245 qol, 270 məhsuldar ötürmə.

Tomas Müller 2010-cu ilin martında debüt etdiyi Almaniya yığmasının heyətində 131 oyuna 45 qol və 41 məhsuldar ötürmə ilə fərqlənib.

Müllerin zəngin qənimətlər muzeyi var. Tomas “Bayern”lə 12 dəfə Bundesliqanın, 6 dəfə Almaniya Kubokunun, 8 dəfə Almaniya Super Kubokunun, 2 dəfə Çempionlar Liqasının, 2 dəfə UEFA Super Kubokunun, 2 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub. Müller həmçinin 2 dəfə Almaniya Kubokunun (2009/2010 – 4 qol, 2013/2014 – 8 qol) ən sərrast futbolçusu olub. Veteran hücumçu həmçinin bundestimlə DÇ-1014-ün qalibi adını qazanıb.

“Transfermarkt” internet-portalı 34 yaşlı veteran hücumçunun transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: