“Tomas Müllerin Dubayda nə işi var?”

“Bayern”in keçmiş yarımmüdafiəçisi Bastian Şvaynştayger, münhenlilərin hücumçusu Tomas Müllerin klubdakı gələcəyi ilə bağlı fikrini bildirib.

Arena.az Şvaynştaygerin müvafiq açıqlamasını təqdim edir:

“Mənim üçün həqiqətən yeganə əhəmiyyətli məqam odur ki, Tomas özünün şəxsi qərarlarını məhz özü istədiyi kimi qəbul edir. O, kifayət qədər yaşlı və təcrübəli adamdır. Müller özü üçün düzgün olanı bilir”, deyə Şvaynştayger vurğulayıb.

“Bayern”in keçmiş qapıçısı Zepp Mayer də münhenlilərin 35 yaşlı alman hücumçusu Tomas Müllerin gələcəyi ilə bağlı təxmin verib:

“Tomas Müller tezliklə futbolçu karyerasını bitirəcək. Onun Amerika və ya Dubayda nə işi var ki? Münhendə onu xoş bəxt edəcək hər şey var”, deyə Mayer vurğulayıb.

Xatırladaq ki, “Bayern”in Müllerlə müqaviləsini yeniləməyəcəyinə dair şayiələr dolaşır.

Tomas Müller “Bayern”in yetirməsidir. Veteran hücumçu 2000-ci ildən “Bayern”in düşərgəsindədir və 2009-cu ilin iyulundan Münhen klubunun əsas komandasında çıxış edir. Müllerin “Bayern”lə müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Müller cari mövsümdə “Bayern” üçün bütün yarışlarda 35 oyun keçirib, 5 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib.

Ümumilikdə Müllerin “Bayern”in heyətində çıxışının mənzərəsi 742 oyun, 247 qol, 273 məhsuldar ötürmədən ibarətdir.

Tomas Müller 2010-cu ilin mart ayında debüt etdiyi Almaniya yığmasının heyətində 131 oyuna 45 qol və 41 məhsuldar ötürmə ilə fərqlənib.

Müllerin zəngin qənimətlər muzeyi var. Tomas “Bayern”lə 12 dəfə Bundesliqanın, 6 dəfə Almaniya Kubokunun, 8 dəfə Almaniya Super Kubokunun, 2 dəfə Çempionlar Liqasının, 2 dəfə UEFA Super Kubokunun, 2 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub. Müller həmçinin 2 dəfə Almaniya Kubokunun (2009/2010 – 4 qol, 2013/2014 – 8 qol) ən sərrast futbolçusu olub. Veteran hücumçu həmçinin bundestimlə DÇ-1014-ün qalibi adını qazanıb.

“Transfermarkt” internet-portalı 35 yaşlı veteran hücumçunun transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: